3 səhifədən 2-cisi BirinciBirinci 123 SonuncuSonuncu
11`dən 20`ə qədər. Cəmi 25.

Azərbaycan ART

  1. #11
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Flora Kərimova !
    Müğənni. Aktrisa. Filmlərdə mahnı ifa edən və iştirak edən.

    Həyatı

    Kərimova Flora Ələkbər qızı (23.07. 1941) - müğənni, Azərbaycanın Xalq Artisti (1992). A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filormoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, E.İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1969) bədii filmində çəkilmişdir.


    Filmoqrafiya
    Ağ Atlı Oğlan (1995)
    Alma Almaya Bənzər (1975)
    Bağışla (1983)
    Evləri Köndələn Yar (1982)
    Əzablı Yollar (1982)
    Göylər Sonsuz Bir Dənizdir. II Film. Züleyxa (1995)
    Gün Keçdi (1971)
    Həyat Bizi Sınayır (1972)
    Humayın Yuxusu (1985)
    Xüsusi Vəziyyət (1986)
    Konsert Proqramı (1971)(I)
    Qanun Naminə (1968)
    Qayınana (1978)
    Qız, Oğlan və Şir (1974)
    Nəğməkar Torpaq (1981)
    O Qızı Tapın (1970)
    Onun Bəlalı Sevgisi (1980)
    Payız Melodiyaları (1974)
    Səndən Xəbərsiz (1985)
    Sonrakı Peşmançılıq (1978)
    Şahzadə-Qara Qızıl (1974)
    Toplan və Kölgəsi (1977)
    Yollar Görüşəndə... (1979)

  2. #12
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Şövkət Ələkbərova !
    Bu səsin qüdrəti milyonların ürəyində Şövkət Ələkbərova ünvanlı bir məhəbbət ocağı qalayıb.

    Həyatı

    Bu səsin qüdrəti milyonların ürəyində Şövkət Ələkbərova ünvanlı bir məhəbbət ocağı qalayıb. Səs ruh kimi ölməzdir. Bircə fərqi var ki, hər ruh yalnız bir bədəndə qərar tutur. Bir ruhla, bir ömürlə dünyamıza gələn səs isə milyon-milyon qəlblərə bir anda yol tapa bilən, könülləri ovudub, ağladan möcüzədir. Bu, hər kəsə qismət olmayan və həm də hər kəsin olan bir gözəllikdir. Musiqimizin "Qarabağ şikəstəsi"nə köçən, "Ağ çiçəy"inə hopan, "Sevgi nəğməsi"ndə, "Məhəbbət"ində qərar tapan bir səs də var musiqi dünyamızda. Şövkət Ələkbərova səsi. Bir zamanlar xanım-xatın bir müğənninin ecazkar nəfəsi ilə dilə gələn bu səs indi musiqi xəzinəmizin incilərinə dönən lent yazılarında ölümsüzləşib, zamanın hüdudlarını aşıb Anasının fikrinə uyğun olaraq, Şövkəti əvvəlcə musiqi məktəbinin kamança sinfinə qoyublar. Amma ona başqa bir sənət yolu seçmək artıq gec idi. Çünki Şövkətin qəlbi oxumaq arzusu ilə döyünürdü. Müğənnilik onun tale yazısıydı, bir gün "təsadüf" kimi qarşısına çıxaraq Şövkəti səhnəyə aparıb. Həmişə anasının çalışdığı orkestrə gələn balaca Şövkət kollektivin rəhbərinin təkidi ilə səhnəyə çıxıb. Sonra o, "Kəndlilər evi"ndəki özfəaliyyət kolektivinə yazılıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib. Müsabiqənin məsuliyyətli tərəfi həm də onda olub ki, iştirakçıların çıxışını Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi görkəmli sənətkarlar qiymətləndirib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub. Həmin gün səsi, ifası bəyənilən üç istedadlı gəncdən biri idi Şövkət Ələkbərova. Sonradan həmin gənclərlə - Fatma Mehrəliyeva və Gülağa Məmmədovla sənət dostu, yaxın yoldaş olub. O müsabiqə həm də Şövkət Ələkbərovanın professional musiqi sənətinə birdəfəlik gəlişiydi. Çünki onu Üzeyir bəy özünün yaratdığı Azərbaycan Dövlət Xoruna işləməyə dəvət edirdi.


    Həyat kiçik yaşlarında qəlbini nisgillə, üzüntü ilə doldurub, sonra sevinc verib Şövkət xanıma. Böyük səhnəyə gələndə də ürəyində övladlarını erkən yaşlarında kimsəsiz, köməksiz qoyub bu dünyadan köçən atası Feyzulla kişinin onu müğənni kimi görə bilməməsinin dərdini daşıyıb. Ancaq tezliklə bu kədərə taleyin amansızlıqla ona bəxş etdiyi neçə-neçə dərdi qoşulub. Şövkət xanımın 19 yaşı olanda Böyük Vətən Müharibəsi başlayıb. Geniş, işıqlı konsert salonlarını soyuq, ölüm dolu səngərlər əvəz edib. O vaxt təhlükədən qorxub müxtəlif bəhanələrlə müharibəyə getməkdən boyun qaçıranlar da olub. Ancaq Şövkət bu barədə düşünmək belə istəməyib. Çünki ölüm-itim ünvanlı o səngərlərdə onun canından artıq sevdiyi doğmaları vuruşub. Şövkət Ələkbərova səsini qələbə ümidinə, təsəlliyə çevirərək odun-alovun içərisində, öz ağrılarını da nəğmələrinə qataraq oxuyub. Çox keçməyib ki, böyük qardaşı Ələkbərin itkin düşməsi xəbərini eşidib. Bir tərəfdən onun, bir yandan da müharibənin qanlı döyüşlərində vuruşan qardaşlarının fikri ilə üzülən Şövkət xanım nəğmələri ilə cəbhədə döyüşən oğulları mübarizəyə, qələbəyə səsləyib. Heç kim bilməyib ki, uşaqlıqdan qardaşı Ələkbərin tarının səsinə sığınaraq onun musiqisi ilə pərvazlanan Şövkət xanım özgə tarzənin müşayiətilə oxuduqca qəlbi qan ağlayıb.
    1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanı oba-oba dolaşıb. Bu səs yurdumuzun sərhədlərini aşaraq dünyaya yayılıb. Onun xarici ölkələrə hər qastrol səfərindən sonra Şövkət səsinin, ifasının heyranlarının sayı artıb. İfa edəcəyi mahnıların seçimilə bağlı çox tələbkar olub Şövkət Ələkbərova.
    Daha çox istedadına inandığı bəstəkarların əsərlərinə müraciət edib. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoğlu və başqaları belə bəstəkarlardandır. Ona görə də onun oxuduğu mahnıların hər biri təkcə bənzərsiz ifaya görə deyil, həm də sözlərinə və musiqilərinin mətninə görə misilsiz sənət nümunəsi sayıla bilər. O, dövrünün artıq adları tarixiləşən bəstəkarlarının bir çoxu ilə yaxından dost olub. İndi heyrətlə, məftunluqla dinlədiyimiz mahnıların bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Müğənninin bir böyüklüyü də onda olub ki, səsi ilə istənilən nəğməni şöhrətləndirə bilib. Gülnarə xanım xatırlayır: "Bir gün bəstəkarlardan biri ona mahnı gətirmişdi. Bir söz deməsə də, hiss etdim ki, musiqini nəzərdən keçirən Şövkət xanımın əhvalı pozuldu: "Yaxşı, baxaram" - deyərək bəstəkarı yola saldıqdan sonra məni yanına çağırdı: "İndi mən bu mahnını necə oxuyum, axı, çox zəifdir" - deyə gileyləndi. Dedim ki, Şövkət xanım, xoşunuza gəlmirsə, qəbul etməyin. "Yox -dedi - o, mənim yanıma ümidlə gəlib. Necə geri qaytara bilərəm? Gəl, görək neynirik". Mən pianinoda müşayiət elədim. O, dönə-dönə mahnını oxudu. Hər ifadan sonra hiss edirdim ki, mahnı başqa ahəngə düşür, getdikcə onun musiqi dəyişir, sanki özgə, bitkin bir əsərə çevrilir. Səhəri gün bəstəkar gəldi. Şövkət xanım mahnını ona oxuyanda bəstəkar heyrət içərisində donub qaldı. Sonra gözlərini yerə dikib: "Bu mənim mahnım deyil" - dedi. Şövkət xanım xasiyyətinə uyğun yumşaqlıqla, məlahətlə dedi: "Elə sənin mahnındır". Sonra Şövkət xanımın ifasında səslənən o mahnı sevilən nəğmələrdən biri oldu". Qəlbi mahnıları kimi kövrək olub Şövkət xanımın. Yumşaq, həlim təbiətli, mehriban, təvazökar bir insan olub. Kimsənin ürəyinə toxunmağı, qəlbini sındırmağı özünə rəva görməyib. Hər kəsə əlindən gələn köməyi göstərib. Səhnəyə üz tutanda ona böyük sənətkarlar yol vermişdilər. O da bunu bir mənəvi borc kimi gənclərə qaytarıb.
    Asəf Zeynallı adına, Bülbül adına orta ixtisas musiqi məktəblərində dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində yalnız peşəkarların, fədakarların keçə biləcəyi yolu tanıdıb. Onlara yalnız bu yolla getməyi tövsiyə edib. Şövkət Ələkbərova tələbələri üçün təkcə sənət yox, həm də insanlıq məktəbi olub. Onların hər birinə ana qayğısı ilə yanaşıb. Gülnarə xanım onu zarafatcıl bir insan kimi xatırlayır: "O qədər sadə idi ki, evdə onun hərəkətlərini, davranışlarını seyr edəndə inana bilmirdim bu, şöhrəti dillərdə dolaşan Şövkət Ələkbərovadır". Ürəyi isə dərd yığnağı idi...
    Ancaq Şövkət xanım bunlara heç kimi şərik eləməyib, kədərini kimsə ilə bölməyib. Heç vaxt da nə qismətindən, nə də insanlardan gileylənib, şikayətlənib. Bəlkə də ona görə ki, Şövkət xanıma dərd verməklə kifayətlənməyən taleyi həmişə onu kədəri, əzabları ilə yalnız qoyaraq onlara təkbaşına tablaşmağı öyrədib. Ömrünün sonlarında arabir ahəstə-ahəstə: "Yazıq canım, elə mənə də həmişə yetim himayədarı olmaq düşdü - deyərmiş - Atam gənc yaşlarında vəfat etdi. Ondan sonra böyük bir ailənin dolandırmaq lazım idi. Mən də qardaşlarıma qoşulub çalışdım ki, evə kömək olum. Sonra Ələkbər itkin düşdü, ailəsi qaldı. Çox keçmədi, həyat yoldaşı da vəfat etdi. Körpə qızını mən böyütməli oldum. Elə o biri qardaşlarım, bacım, onların balaları da həmişə mənim əlimə baxdılar. Bir yandan da öz balalarım... Yetim saxlamaq elə bil alın yazım oldu". Ona vurulan tale zərbələrinin ən ağrılısı idi bu... Övladlarını təkbaşına böyütmək asan deyildi. Ancaq Şövkət xanımı daha çox üzən həyat yoldaşı istedadlı rejissor Lətif Səfərovun faciəli ölümüydü. Onları hər ikisinin vurğunu olduğu sənət qarşılaşdırıb. Ekranlaşdırdığı "Bəxtiyar" filmindəki baş qəhrəmanın uşaqlıq mahnılarını səsləndirən Şövkətlə Lətif Səfərovun tanışlığı bir müddət sonra cəmi 8 il sürəcək evliliyə çevrilib. Şövkət xanım oğlu Bəşiri 6 yaşında atasız qoyub dünyadan gedən Lətifi ömrünün sonuna qədər hörmətlə anıb.
    Gülnarə xanım danışır: "Şövkət xanım ona "Lətif Bəşiroviç" deyərdi. Lətif müəllimi çox savadlı adam kimi xatırlayar, tez-tez "Lətif Bəşiroviç belə deyərdi", "Lətif Bəşiroviç çox bilikli adamdı, bilirsən, nə qədər kitabları vardı" - deyərdi". Qızı Natellanı, oğlu Bəşiri çətinliklərlə böyütsə də, onlara kimsəyə ağız açmamağı, xahiş etməməyi öyrədib. Sonralar özünü qınayırmış da: "Bəlkə də uşaqlarımı başqa ruhda tərbiyə etməliydim. Onlar bu xasiyyətlə heç zaman həyatda özlərinə yer tapa bilməyəcəklər". Ömrünün qüruba üz tutan çağlarında taleyi onunla daha amansız davranıb. 48 yaşlı qızı Natella çarəsiz xəstəlikdən vəfat edib: "Daha mən də öldüm, yoxam bundan sonra" - deyib və doğrudan da bu ağrıya tablaşa bilməyib Şövkət xanım. Həmin günlərdə əlini Allahın dərgahına iki istəklə açıb: "Məni bu dünyadan nigaran aparma, İlahi" - deyərək, neçə illərdir ailə qursa da, övlad sevinci dada bilməyən oğlu Bəşirə övlad, bir də nakam qızı Natellanın ilini görməyi arzulayıb. Onun son istəkləri yerinə yetib. Böyük sevinclə bağıra basdığı nəvəsinə öz adını verib. Gülnarə xanım danışır ki, Şövkət xanımın bu gün artıq təkcə adını deyil, sənətini də yaşatmaqda olan körpəyə baxıb deyib: "Bu uşaq, gör, necə mənim ömrümün pis çağına düşdü. Onun üçün heç bir şey edə bilmədim". Mən: - "Siz ona öz adınızı vermisiniz. Şövkət üçün bundan artıq nə etmək olardı ki?" deyəndə elə sevinirdi..." Tanrıdan umduğu ikinci istəyinə də çatıb Şövkət xanım. Ölüm ağrılar içində yaşayan müğənninin qapısını Natellanın ilindən iki həftə sonra döyüb. Yəqin ki, ölüm də bu ölməz sənətkarın qapısına naəlac, ilahi bir əmrə boyun əyərək gəlib. Heç şübhəsiz, Şövkət xanımı dünyamızdan apararkən, bu gözəl sənətkara bir vaxtlar "Oxu, gözəl"i ünvanlayan Səməd Vurğunun təbirincə desək, ölüm sevinməyib... Şövkət səsinin qulaqlardan çəkilməsinə ölüm də sevinə bilməzdi. Amma o səs qeybə çəkilməyib, əbədi bir ömür qazanıb: Oxu, Şövkət, oxu, Şövkət, qoy səsin, Ürəklərdə kaman kimi titrəsin.

  3. #13
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Mirzə Babayev !
    Müğənni. Aktyor. Filmlərdə mahnı ifa edən. Filmlərdə və arxiv kadrlarda iştirak edən.

    Yaşı 90-ı haqlasa da, gənclik hərarəti var idi Mirzə müəllimin qəlbində. Oxuyurdu, rəqs edirdi, sifətindəki təbəssüm tamaşaçını ovsunlayırdı. Mirzə Babayev 2003- ci il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişdi. 1913-cü ildə də dünyaya gəlmişdi. Bu istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir. Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə edir.
    1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. Müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, M. Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.


    Tamaşaçılarla hər görüşü böyük bir bayram olardı. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə müəllimin mahnıları” ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. Mirzə müəllim aktyor-müğənni idi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada” mahnılarını onun ifasında dinləmisinizsə, yəqin ki, ruhunuz, qəlbiniz təmizlənib, nəğməli bir dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirzə müəllimin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət qədərdir.
    M. Babayev Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Oxuduğu mahnıların hər birində nikbin, həyatsevər bir ovqat yaradıb. Yaşının ahıl dövründə belə qəlbində gənclik hərarəti var idi. Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların mahnıları onun ifasında ədəbilik qazanmışdı. Mirzə müəllim Azərbaycan musiqi tarixində nadir ifaçılardandır ki, mahnıları uzun illər repertuarında yaşamışdır.
    Mirzə müəllim həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi mahnıların sayı, bəlkə də, iki o qədərdir.
    “Dərviş Parisi partladır”da Məstəli şahı oynayır. Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları, əsasən, kübar insanlardır. “26-lar”, “Sevil”, “Yenilməz batalyon” və onlarca digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara ekran həyatı vermişdir. Mirzə Babayevin artistizminə nikbin bir ruh hakim idi. O çox vaxt, hətta yaşlı dövründə də gənclərlə səhnəyə çıxmağı xoşlayır, şux zarafatları ilə zaldakı tamaşaçıları ələ ala bilirdi. Elə bil kinodakı rollarına da hopmuşdu bu əhval-ruhiyyə. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə müəllimlə işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o yaratdığı obrazın əsl memarına çevrilirdi. Hərdən isə obrazlarına şirin, məlahətli mahnıları ilə özgə bir ovqat verirdi. Bizim kinoda Mirzə müəllim qədər mahnı ifa edən ikinci bir müğənni, demək olar ki, yoxdur. “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnılarını xatırlayın. “O olmasın, bu olsun” filmində Məşədi İbadın bütün mahnılarını o ifa etmişdir. Mirzə Babayevin müğənni kimi ifaçılığı ilə aktyorluğu ahəngdarlıq təşkil edirdi. “Dəli Kür” filmində Molla Sadığın qurduğu kef məclisini xatırlayın.
    Hamının tanıdığı və sevdiyi Mirzə müəllim haqqında danışmaq o qədər də asan deyil. Ona görə ki, Mirzə müəllim hər gün, hər an tamaşaçıların arasında idi. Onların alqışları altında mahnıları ifa edərdi. Mirzə müəllim milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil edirdi. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanımızın musiqi sənətinin təbliğatçısı kimi çıxış etmişdir.
    Mirzə Babayevin yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin zəngin bir dövründən keçir. Bu gözəl sənətkar haqqında, yəqin ki, çox dəyərli filmlər çəkiləcək, geniş həcmli monoqrafiyalar yazılacaq. Onun mahnıları, filmləri uzun illər bu xalqın mənəvi yaddaşında ən həzin duyğular kimi yaşayacaq.
    Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz arasında milli musiqimizin əvəzsiz xadimlərindən biri, “Şöhrət” ordenli Mirzə Əbdülcabbar oğlu Babayevin yaratdığı qənirsiz mahnılar, nəğmələr öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar bu xalq üçün yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevirdi.

  4. #14
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Rəşid Behbudov !
    Rəşid Behbudov - Azərbaycan müğənnisi, SSRİ xalq artisti.

    Doğum Tarixi - - - - 14 dekabr 1915
    Doğum Yeri - - - - Tbilisi
    Ölüm Tarixi - - - - 19 iyun 1988
    Ölüm Yeri - - - - Bakı


    Həyatı
    Rəşid Məcid oğlu Behbudov- Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRI xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, 2 Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. R.Behbudova Dağıstan xalq artisti, Gürcustan əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Görkəmli sənətkar və ictimai xadim, müstəsna dərəcədə səmimi, mehriban insan, böyük istedad sahibi Rəşid Behbudov özunun var qüvvəsini və biliyini Vətənə, incəsənətə xidmət işinə həsr etmişdir. Onun adı Vətən və dünya musiqi-ifaçılıq mədəniyyətinin tarixinə yazılmışdır. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. O özünün bütün qüdrətli istedadını, tükənməz qüvvəsini, böyük təcrubəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. Böyük sənətkar, alovlu vətənpərvər olan Rəşid Behbudov öz qudrətli istedadını, çox böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf edirdi. O ömrü boyu öz yaradıcılığında bir vətənpərvər sənətkar qarşısında duran vəzifələri dərindən başa düşür, vətənə, xalqa xidmət etməyin ən parlaq nümunəsini göstərirdi. Onun mahnıları planetin bir çox güşələrində səslənmişdir. Bu gözəl melodiyaları hər yerdə, müxtəlif qitələrdə fərəh və minnətdarlıq hissi ilə dinləyirdilər. Doğma diyarın bütün gözəlliyini, onun adamlarının mehribanlığını, səmimiliyini, qayğıkeşliyini özünün ecazkar səsi, özünün təkrarsız gözəlliyi ilə tərənnüm etməkdə, böyük, gözəl vətənimizdən, hər bir adam üçün əziz olan sülh, dostluq və əmin-amanlıq şəraitində xoşbəxt həyat haqqında mahnı dili ilə söhbət açmaqda onun tayı-bərabəri yox idi. Yalnız gözəl torpaq, yalnız namuslu xalq belə bir oğul böyudə bilərdi.
    Maestro Behbudovun mahnılari biz cavan nəslin atalarının gənclik vaxtlarının mahnısı olmuşdur. O vaxtdan 30-40 il keçməsinə baxmayaraq hələ də biz gənclər tərəfindən sevilir. Bu mahnılar Azərbaycanı dünyaya tanıtdı, onlara bu diyarın gözəl musiqisi ilə ilk dəfə tanış olmaq imkanı verdi. Səməd Vurğunun "Azərbaycan" şeri, bu müqəddəs misraları Rəşid Behbudov öz əfsanəvi səsinin qanadlarında bütün dünyaya, bütün xalqlara çatdırdı. KQB-nin bütün təzyiqlərinə baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi. Rəşid cismən aramızda yoxsa da, səsi əbədi yaşayacaqdır. Müdrik xalqımız öz şair-bəstəkar qəlbi ilə eşqə "ölməz" deyib. Rəşid Behbudov sənəti ilə ölməzdir. Azərbaycan əzəldən şer, musiqi, gözəl səslər beşiyi sayılmışdır. Rəşid Behbudov bu müqəddəs beşikdə püxtələşmiş, nəhayətdə özü bir ifaçılıq məktəbinə çevrilmişdir. Nəinki Azərbaycanda, hətta başqa respublikalarda da onlarca müğənni onun yolunu seçmiş, hətta Rəşid manerasını təqlid də etmişdilər, ancaq heç biri Rəşid Behbudov zirvəsinə yüksələ bilməmişdilər. Rəşid elə tək-vahid Rəşid olaraq qalmışdır. Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz təsəvvür etmək olmur. Nəvvabi, Üzeyiri, Bülbülü, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Xan Şuşinskini, Fikrət Əmirovu, Niyazini yetişdirən musiqi beşiyi Qarabağda uşaqlıq və gənclik illərini keçirən, Nizami, Füzuli, Səməd Vurğun dühasından ilham alan Rəşid Behbudov öz sənəti ilə bizdə işıqlı bir ümid doğururdu, bizə dünyanın fəlsəfəsini açırdı, daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Rəşidin səsindəki həzin lirizm bizə ana məhəbbətini, körpə pıçıltısını, gəlin həyasını-bir sözlə vətənin, insan ürəyinin qüdrətini və genişliyini təlqin edirdi. Bu səs bizi sevgiyə, şəfqətə, doğruluğa, düzgünlüyə, saflığa, təmizliyə çagırırdı. Azərbaycanın elə bir şəhəri və rayonu, qəsəbəsi və kəndi yoxdur ki, sənətkarımızın ayaği oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş SSRİ və respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur. Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının təkrarsız təravətini çatdırmışdır. Azərbaycan Rəşid Behbudoun vətəni kimi də tanınmışdir.
    Onun atası, Məcid Behbud Alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq-musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən Qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir. 1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan "Müstaid" yay konsertinə iştirak etməyə dəvət edirlər .O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşaiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir. Sonra Rəşid dəmiryolu texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar. Qəflətən Behbudov yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən qurulusçu rejissorlar onun Ü.Hacibəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər, eləce ona "Arşın mal alan" filmində Əsgər obrazı verilir. Arşın mal alan filminin şöhreti artır. Az sonra bu film Sovet İttifaqinin bütün şəhərlərində, xarici ölkələrdə göstərilir. 1946-ci ildə filmə Dövlət Mükafatı verilir."Arşın mal alan" filmi Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz-Əsgər obrazı, mügənninin şirin və könül oxşayan səsi həm tamasaçılarını, həm də xarici ölkə tamaşaçılarını valeh etmişdir. Sovet kinosunun qızıl fonduna daxil olmuş həmin film 50 ildən çoxdur ki, müvəffəqiyyətlə göstərilir. 1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Azərbaycan, Neftçi mahnısı, Züleyxa-xanım və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri F.Əmirovla yaxşılaşır. Maestro bəstəkarın Gülüş, Ulduz romanslarını, Sevdiyim yardır və b. mahnılarının ifa edir.
    R.Behbudov özünün parlaq yaradıcılıq və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Efqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarlarının mahnıları R.Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər.O səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir. 1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları- Ü.Hacəbəyov, S.Rüstəmov, F.Əmirov, T.Quliyev, C.Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır. Daha sonralar Behbudov Neft Daşları, Gəncə, Daşkəsən ,Zaqatala, Turut-Saradjin təpəsində, Alagöz yaylaqlarında olmuşdur. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun "Sevil" operasında onun yaratdığı Balaş obrazı-dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi, geniş miqyasda təqdir olunmuş, respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu vaxta qədər o lirik, xarakter-janr əsərlərinin və əsasəndə xalq mahnı yaradıcılıığı ifaçısı kimi tanınmışdır.Yeni spektaklda o özündə vokal-dramatik texnikasını hiss etdi. 1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə "Doğma Xalqıma" sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur.
    Behbudovu 1954-ci ildə Hindistana qastrol səfərlərinə çağırırlar. Hindistanda Behbudovu köhnə tanış kimi qarşılayırlar. Onun mahnılarını bilir və onunla bərabər ifa edirlər. Daha çox Behbudovun ifasında populyar hind bəstəkarı Robi Şankarın, sözləri tanınmış hind şairi Alama İqbalın "Bütün ölkələrdən ən yaxşısı mənim Hindistanım" (Sare çaxasa açça Xindustan xumara) mahnısı səsləndirilir. Sonra Behbudovu "Sevimli Mahnı" filmində Bəxtiyar rolu həvalə olunur. Aktyor öz rolu ilə həyata atılmış gənc obrazı yaradır. R.Behbudov Azərbaycanda estrada janrının banilərindən biridir. Nəhayət 1957-ci ilin fevral ayında Azərbaycan Dövlət filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına,onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək etdi. 1961-ci il Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli-Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay, və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu. 70-ci illərdə Rəşid Behbudov yenə ekranlarda "1001-ci qastrol" filmində gorünür. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır.

  5. #15
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Əlağa Ağayev !
    Azərbaycan.SSR xalq artisti (1954).Əlağa Ağayev ilk növbədə teatr aktyoru idi.

    Azərbaycan.SSR xalq artisti (1954).Əlağa Ağayev ilk növbədə teatr aktyoru idi. Ömrünün ən məhsuldar dövrünü Milli Teatrımıza həsr etmişdi. Klassik aktyor ənənələrindən bəhrələnərək orijinal üslub yaradan aktyor hansı rolda çıxış etməsindən asılı olmayaraq, ona özünəməxsus şirinlik gətirərdi.
    Teatra 30-cu illərdə gəlmişdi. 25 il Gənc Tamaşaçılar Teatrında işləmişdi. Gənclik enerjisi ilə teatrın əksər tamaşalarında oynayırdı. Onlarca tamaşada öz bənzərsiz rolları ilə yaddaşlara hakim olmuşdu. Əlağa Ağayev hansı rolda oynayırdısa, orada gülüş var idi. Komediya aktyorluğunun yeni nümunəsini gətirmişdi teatrımıza. İşləməyi çox sevirdi. Onunla tərəf-müqabil olanlar söyləyirdilər ki, heç vaxt məşqlərdən yorulmazdı. 1961-ci ildə Əlağa müəllim öz yaradıcı taleyini Akademik Milli Teatra bağladı.
    Kinematoqrafçılarımız da bu möhtəşəm sənətkarı unutmadılar. İlk dəfə T.Tağızadə 1955-ci ildə Əlağa Ağayevi “Görüş” filminə dəvət etdi. İlk rolu olsa da, aktyor ekranda o qədər sərbəst hərəkət edib ki, heç tamaşaçı bu rolun debüt olduğunu hiss etmir. Əlağa Ağayev bu obrazı çox məharətlə yaradıb. Komediya janrının zəngin ənənələrindən məharətlə bəhrələnən aktyor obrazı özününküləşdirə bilib.
    Sonra isə məşhur “O olmasın, bu olsun” filmi gəlir. Buradakı rolu ilə Əlağa müəllim Azərbaycan kinoaktyorluğu aləmində özünə əbədi bir “heykəl” ucaldıb. — Günlərin birində bu filmin baş operatoru Ə.Atakişiyev işlədiyim Gənc Tamaşaçılar Teatrına gəldi, — deyə, Əlağa müəllim xatırlayırdı. — Həmin axşam “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə Əhməd Əhmədov oynayırdı. Elə həmin gün Əhməd Əhmədovu hambal roluna dəvət etdilər, məni isə bir neçə gün sonra studiyaya çağırdılar. Əlağa müəllim xatırlayırdı ki, bir gün rejissor mənə dedi: — Əlağa, filmin taleyindən çox narahatam, ağlınca, film necə çıxacaq? Dedim ki, bu aktyorlar ki var, onlar sənin filminin müvəffəqiyyətinin 50 faizini təmin ediblər. Qaldı qalan 50 faizə, onu da zaman göstərər. Bəli, zaman göstərdi ki, film dünyanın 50-dən artıq ölkəsini gəzib, kinomuza şöhrət qazandırdı. Söz yox ki, filmin belə canlı alınmasında Məşədi İbadın əvəzsiz ifaçısı Əlağa Ağayevin xidmətləri böyük olmuşdu.
    “Sehirli xalat” filmindəki Xan obrazı da Əlağa Ağayevin yaradıcılığında özünəməxsus yeri olan qəhrəmanlardandır. Xanın başına açılan oyunları elə gözəl yumorla tamaşaçıya çatdırır ki, onun komik rolların ən mahir ifaçısı olduğuna inanırsan.
    Əlağa müəllimin ən dəyərli kino qəhrəmanlarından biri də “Bizim Cəbiş müəllim” filmindəki roludur. “Evlənmək istəyirəm” filmində polis işçisinin rolu da maraqlı və yaddaqalandır. Kinematoqrafda onun rollarının özünəməxsus xüsusiyyətləri var. Bu, hər şeydən əvvəl, aktyorun ciddi obrazlara komik əhval gətirmək bacarığı ilə xarakterizə olunur. Bəzən lap kiçik epizodları belə filmin əsas qəhrəmanları səviyyəsinə qaldıra bilir. Elə, “Əhməd haradadır” filmindəki kassiri xatırlayın. Ekranda görünməsi ani bir məqamı əhatə etsə də, tamaşaçının yadından çıxmır. “Qanun naminə” filmindəki Məmmədxan rolu isə daha çox aktyor oyunundakı cizgilərlə yadda qalır.
    Əlağa Ağayevin televiziya tamaşalarındakı rolları da öz komik cizgiləri ilə tamaşaçıların yaddaşına əbədi həkk olunmuşdur. Hansı tamaşada oynamasından asılı olmayaraq, tamaşaçı bilirdi ki, aktyor ona bir xoş ovqat bəxş edəcək. Onunla çəkilişlərdə iştirak edənlər o qədər gözəl xatirələr danışırlar, hiss edirsən ki, Əlağa müəllim elə həyatda da insanlara sevinc bəxş etməkdən həzz alırmış.
    Əlağa Ağayevin milli aktyor sənətimizin inkişafında çox layiqli yeri vardır. Hər dəfə bu filmlər, tamaşalar ekranda görünəndə tamaşaçı çöhrəsinə xəfif bir təbəssüm qonacaq və istər-istəməz onların yaradıcısı, böyük sənət fədaisi Əlağa Ağayevi bir anlıq da olsa yad edəcəyik.


    Teatr sahəsində rolları:
    Kərəmov (Toy, S.Rəhman)
    Xəlil (Əliqulu evlənir, S.Rəhman)
    Abış (Əcəb işə düşdük, Ş.Qurbanov)
    Martin (Dəlilər, Lope de Veqa)
    Nağı (Yaxşı adam, M.İbrahimov)
    Dadaş (Qəribə oğlan, İ.Əfəndiyev)

    Kino sahəsində rolları:

    Bir məhəlləli iki oğlan
    O olmasın bu olsun
    Əhməd Hardadır
    Sehirli xalat
    Görüş
    Yeni Horizont

  6. #16
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Ağasadıq Gəraybəyli !
    Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən biri də teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan, tamaşaçı alqışı qazanan, dövlət mükafatlarına, fəxri adlara layiq görülən Ağasadıq Gəraybəyli olmuşdur.

    Adlar və Mükafatlar

    Azərbaycan Xalq Artisti (1940)
    "Lenin Ordeni"
    "Qırmızı Əmək Bayrağı" Ordeni
    "Oktyabr İnqilabı" Ordeni
    "Şərəf Nişanı" Ordeni


    Həyatı
    Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında da ötən günlərini tez-tez xatırlayar və deyərdi: "1897-ci ildə, Novruz bayramı qabağı
    Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam".

    Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır" - dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir".

    Milli teatrımızın klassiklərindən, fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirik. O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın Mal Alan", Cəfər Cabbarlının "Sevil", "Od Gəlini", "1905-ci İldə", sonralar "Vaqif", "Həyat", "On İkinci Gecə", "Xanlar"... Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: "Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: "Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi". Xalq artisti, ömrünün 60-cı baharında dünyasını dəyişmiş Əliabbas Qədirov danışardı: "İnstitut bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz. Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq".

    Unudulmaz sənətkar, sevilən aktyor haqqında xoş xatirələr çoxdur. Dünya şöhrətli ifaçı Rəşid Behbudov deyərdi: "Bəxtiyar" filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı".

    91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən böyük sevinci "O Olmasın, Bu Olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi.

    Aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı".

    Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Məşhur müğənni Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: "Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək". Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!"

    Həyatın, zamanın bütün sınaqlarından üzü ağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı, sadiq, sədaqətli dost-sirdaş Ağasadıq Gəraybəyli xarakterik rolların bənzərsiz ifaçısı kimi daim yad olunur.

    2007-ci il aktyorun anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyidir.

  7. #17
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Ağahüseyn Cavadov !
    Aktyorluq onun varlığında idi.

    Tam Adı - - - - Ağahüseyn Xəlil oğlu Cavadov
    Doğum Tarixi - - - - 22 Aprel 1894 (yaş 114)
    Doğum Yeri - - - - Abşeron, Xırdalan qəsəbəsi
    Ölüm Tarixi - - - - 20 iyul, 1981
    Ölüm Yeri - - - - Bakı

    130 yaşı tamamlanmış milli peşəkər teatrımızın inkişaf etməsində misilsiz xidmətləri ilə seçilən sənətkarlardan biri də Ağahüseyn Cavadovdur. Uzun illərdən bəri mahir bir komediya ustası kimi tanınan Azərbaycan.SSR xalq artisti Ağahüseyn Cavadov ən çox müasir dövrün tamaşaçılarına "Bəxtiyar", "Görüş", "Sehrli xalat", "Bir qalanın sirri", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" və s. filmlərdən tanışdır. Yəqin ki, bir çoxlarımız bu filmlərdə Ağahüseyn Cavadovun özünəməxsus ustalıqla yaratdığı istər baş rol, istərsə də epizodik rollarda ifa etdiyi məzəli, eyni zamanda təkrarsız ifasını xatırlayırıq. Hətta bəzi filmlərdə aktyorun dediyi bir çox ifadələri hərdən öz aramızda səsləndiririk.
    İndi aktyor olmağa nə var ki... Dekorasiya da var, hər cür şərait də var, üstəlik aktyorluq sənətinə yiyələnmək üçün təhsil almaq imkanı da. Eyni zamanda Azərbaycan teatrının təməlini qoyan məşhur sənətkarların zəngin yaradıcılıq irsi də var. Amma o vaxtlar çox çətin idi bu sənətlə məşğul olmaq. Aldığın cüzi maaşla ev-eşik saxlamaq. Bəzən elə olurdu ki, bu sənət fədailəri açıq havada, tarlalarda, kolxozlarda tamaşalar verirdilər.
    Arabaların üstündə dekorasiya qururdular. Gecəli-gündüzlü çalışırdılar. Çünki sənətlərini sevirdilər. Azərbaycan mədəniyyətinin təməl daşını qoymaqları ilə fəxr edirdilər. Milli teatrımızın təşəkkülü, inkişafı üçün münbit zəmin yaradırdılar. Ona zəngin həyat materialı, real məişət mənzərələri, canlı insan nəfəsi verməklə, aktyor sənətini formalaşdırırdılar. Ağahüseyn Cavadov da məhz belə aktyorlardan biri idi.
    Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü ildə Bakıda anadan olmuşdur. Ömrünün 60 ilini səhnəyə həsr edən Ağahüseyn Cavadov da öz sələfləri kimi ilk təhsilini mollaxanada almışdır. Anası Hürmət xanım isə oğlunun oxumuş, savadlı olmasını çox istəyirdi. Lakin o dövrün ab-havası bir çoxları kimi Ağahüseyn Cavadovun da əl-qolunu bağlayırdı. A. Cavadov harda olursa-olsun teatr sənəti ilə maraqlanır, o dövrün görkəmli aktyorlarının, xüsusilə Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Cahangir Zeynalovun, Hacıağa Abbasovun ifalarına tamaşa edir, onlarla bir sırada olmağı arzulayırdı. İlk addımlarını Tənqid-təbliğ teatrında atan Ağahüseyn Cavadovun sənət taleyi çox uğurlu olmuşdur. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında yaratdığı obrazlarla tamaşaçıların geniş rəğbətini qazanır. Bu obrazların hərəsi ayrı-ayrılıqda süjet xəttinə görə bir-birindən kəskin surətdə fərqlənsə də, onun ifasının təkrarsızlığını sələfləri dönə-dönə qeyd edirdilər.
    Zəngin yaradıcılıq imkanlarına malik olan Ağahüseyn Cavadov xarakterik və dramatik rolların da ustad ifaçılarından olub. Yumşaq, sakit təbiətə malik olan bu aktyorun yaratdığı obrazlar həmişə təbii, canlı və inandırıcı olub. Çünki aktyorluq bu insanın varlığında idi. Onun rəng və boyalarının zənginliyi və əlvanlığı, sənətinə ciddi münasibəti həm dramlarda, həm komediyalarda, həm də operettalarda bir-birindən fərqlənən orijinal obrazlar yaratmağa imkan vermişdir.
    Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində Ağahüseyn müəllimin böyük rolu olmuşdur. 1938-ci ildə o, yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. Burada o, "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" və sair əsərlərin səhnə həyatının uğurlu alınmasından ötrü böyük yaradıcılıq zəhmətinə qatlaşmışdır. Yaratdığı komik obrazlarla yadda qalan, sevilən, istər kiçik, istərsə də böyük rollarında həmişə gülüş doğuran satira və yumora imkan verən epizodların, səhnələrin daha canlı, daha parlaq olması üçün öz aktyorluq məharətindən istifadə edən sənətkar Mirzəağa Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi sənətkarlarla yanaşı çalışmışdır. Əsl sənət fədaisi olan bu insan həmişə, istər səhnədə, istərsə də həyatda təbiiliyi, səmimiliyi ilə hamıdan seçilmişdir. Ekranda yaratdığı obrazlar ciddi sənət axtarışları, dəqiq və zəngin həyat müşahidəsi sayəsində maraqlı ekran həyatı kəsb etmişdir. Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük olmuşdur. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır. İstər klassik dramaturgiyanın nümunələrində, istərsə də müasir əsərlərimizdə eyni hərarət və səmimiyyətlə çıxış etmişdir. Yaratdığı obrazlar uzun müddət hafizələrdə yaşamışdır.
    Ağahüseyn Cavadov Azərbaycan.SSR xalq artisti (1938) kimi fəxri ada layiq görülmüş, 2 dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Cavadov sənəti, Cavadov komizmi isə neçə-neçə sənətkar üçün əvəzsiz bir örnək olaraq Azərbaycan teatrının ayrılmaz tərkib hissəsi kimi bu gün də öyrənilir.


    Teatr sahəsində rolları:
    Dəmirçi Musa (Toy, S.Rəhman)
    Bərbərzadə (Xoşbəxtlər, S.Rəhman)
    Məmişov (Məhəbbət, M.Ibrahimov)
    Luka Lukiç (Müfəttiş, N.Qoqol)
    Brabansio (Otello, V.Şekspir)
    İmran (Əcəb işə düşdük, S.Qurbanov)


    Kino sahəsində rolları:
    Sevimli mahnı
    O olmasın bu olsun
    Görüs
    Şərikli Çörək
    Əhməd Hardadır

  8. #18
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Adil İsgəndərov !
    Doğrudan da, Adil müəllim işıqlı insan idi.

    Doğum Tarixi - - - 1910
    Doğum Yeri - - - Gəncə
    Ölüm Tarixi - - - 18 sentyabr, 1978

    Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı. Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.
    Adil İsgəndərov 95 il əvvəl, 1910-cu il baharın təravətli günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.
    Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.
    1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verdi. “Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. O dövrü xatırlayanlar deyirlər ki, bu tamaşaya düşmək əslində qəhrəmanlıq idi. Teatr aylarla anşlaq tamaşalar göstərirdi. Bəlkə də, bu möhtəşəm sənət ocağı öz tarixində bu qədər qələbəlik görməmişdi.
    Beləcə, Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Bu, ənənəvi teatr deyildi. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi. Sonralar Adil müəllim bu tamaşanı ekranlaşdırmaq da istəmişdi. Hətta kinossenari də hazırlanmış, lakin bəzi səbəblər ucbatından əsər ekranlaşdırılmamışdı.
    Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi.
    Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. O dövrün aktyorları xatırlayırdılar ki, Adil İsgəndərovun direktor olduğu illərdə Akademik Dram Teatrdı saat mexanizmi kimi işləyirdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor (1966–1974) təyin etdilər.
    1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova “O olmasın, bu olsun” filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var. Oynadığı rollar həmişə öz koloriti ilə diqqəti çəkir.
    1958-ci ildə “Uzaq sahillərdə” (Rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyir. “Qara daşlar”, “Məhəbbət dastanı” filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun “26 Bakı komissarı” filmndə çəkildi. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yavratdığı Kərbalayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbalayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbalayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin “elçi” kimi onu barışığa çağırması belə, Kərbalayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu tamaşaçının gözündə ucaldır. O əyilmir, hətta, ən ağır anlarda belə öz kişilik qürurunu saxlamağı bacarır. Kərbalayı haqq-salamı itirən adam da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir.
    Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Bu aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. “Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.
    Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.
    Adil İsgəndərovun portretində bir mühüm ştrix də unudulmamalıdır. Bu da onun kinorejissor kimi fəaliyyətidir. “Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o, rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər.
    Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.
    68 il ömürlüyünün 42 ilini sənətə həsr etmiş bu qüdrətli sənətkarın xatirəsi bizim üçün həmişə əziz və doğmadır.

  9. #19
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Ögey Ana (1958) !
    Azərbaycan filmi. Uşağın məhəbbətini qazanmaqdan ötrü əlindən gələni edən ögey ananın əsl ana kimi təsdiqlənməsi hər ikisinin çətin sınaqdan keçməsindən sonra mümkün olur.

    Məzmun
    Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın(Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın(Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın mənzərəli dağ kəndlərindən birində cərəyan edir.

    __________________________________________________ __________________________________________________ __


    Festivallar və Mükafatlar


    1)1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
    Film Üçüncü Mükafat almışdır.
    __________________________________________________ __________________________________________________ __


    Film Haqqında
    Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk böyük işidir.
    Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı.
    Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər.

    __________________________________________________ __________________________________________________ __


    Filmin üzərində İşləyənlər
    Ssenari Müəllifi : Həbib İsmayılov, Anna Yan
    Quruluşçu Rejissor : Həbib İsmayılov
    Quruluşçu Operator : Xan Babayev
    Quruluşçu Rəssam : Elbəy Rzaquliyev, Məmməd Hüseynov
    Bəstəkar : Tofiq Quliyev
    Səs Operatoru : İlya Ozerski
    Mahnıların Mətni : Zeynal Cabbarzadə
    Rejissor : Məmməd Əlili
    Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
    Quraşdırılmış Səhnələrin Operatoru : Sergey Klyuçevski
    Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
    Dirijor : Tofiq Quliyev
    Filmin Direktoru : V. Krutikov
    Mahnı İfa edən : Şövkət Ələkbərova
    Rejissor Assistenti : Ramiz Əliyev
    __________________________________________________ __________________________________________________ __


    Rollarda
    Nəcibə Məlikova-Dilarə
    Fateh Fətullayev-Arif
    Həqiqət Rzayeva-Qəmər
    Ceyhun Şərifov-Dadaş
    Əzizə Məmmədova-Solmaz
    Hacımurad Yegizarov-Ayaz
    Ələsgər Ələkbərov-Hüseyn dayı
    Nəsibə Zeynalova-Fatmanisə
    Şəfiqə Qasımova-Zeynəb
    Ceyhun Mirzəyev-İsmayıl
    S. Axundova-Cəmilə
    Fərhad Bakıxanov-Səməd
    Əli Qurbanov-Qurbanəli
    A. Əzimova
    S. Mirsadıqova
    Ələkbər Hüseynzadə-Ayazın atası
    Ə. Fərzəliyev-Fəhlə
    A. Hüseynov
    Fazil Salayev-Kənd sakini (titrlərdə yoxdur)
    Dadaş Kazımov-Rəngsaz (titrlərdə yoxdur)

    __________________________________________________ __________________________________________________ __


    Filmi Səsləndirənlər
    Hökümə Qurbanova-Dilarə (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
    Məmmədrza Şeyxzamanov-Hüseyn dayı (Ələsgər Ələkbərov) (titrlərdə yoxdur)

  10. #20
    Azeri.net Sevdalısı
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    2,188

    Re: Azərbaycan ART

    ! Nəriman Nərimanov !
    Dövlət xadimi, yazıçı və publisist, həkim.

    Dövlət xadimi, yazıçı və publisist, həkim. 1882 ildə Qori seminariyasına daxil olmuş, oranı bitirərək Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim tə'yin olunmuşdur. Nərimanov 1891 ildə Bakıya gələrək fəaliyyətə başlamışdır. O, 1894 ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanası təşkil etmişdir. Bu zaman Nərimanov ictimai problemlərə toxunduğu "Nadanlıq" (1894), "Şamdan bəy" (1895), "Nadir Şah" (1899), "Bahadır və Sona" (1896-1908) kimi ədəbi əsərlər yazmış, N.V.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə etmişdir (1829), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib etmişdir. 1908 ildə Nərimanov Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Universiteti bitirib Bakıya gəlmiş və şəhər xəstəxanasında işləməyə başlamışdır. Sonra Nərimanov bolşevik "Hümmət" təşkilatının sədri seçilir(1917). 1919 ildə Nərimanov Moskvaya çagırılır, RSFSR xalq milli işlər komissarının müavini işləyir. 1920 il aprelin 27-də, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Nərimanov Azərbaycan SSR XKS-nin sədri seçilir. Nərimanov Azərbaycanda XKS-nin sədri kimi özünün bütün qüvvəsini fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə, respublikada sosializm quruculuğuna sərf edirdi. Nərimanov SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmişdir. Nərimanov ən mühüm dekret, qərar və müraciətnamələrin hazırlanmasında, xarici siyasət tədbirlərində, onların həyata keçirilməsində fəal çalışmışdır.

Bookmarks

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •