Türkiyənin bahalı və dünyaca məşhur olan "Qurdlar vadisi" teleserialının istər ölkə ictimaiyyətində, istərsə də beynəlxalq aləmdə ciddi nüfuz qazanması, onun böyük rəğbətlə izlənilməsi hər birimizə məlumdur.

Bu səbəbdən də qardaş dövlətdə həmin filmin davamı olaraq "Qurdlar vadisi İraq" və ya "Qurdlar vadisi Güneydoğu" filmi də çəkildi. Onu da bildirək ki, sözügedən ekran əsərlərinin nüfuzu get-gedə artdığından yaradıcı kollektiv məlum teleserial layihəsinin davamı olaraq "Qurdlar vadisi İran" və ya "Qurdlar vadisi Ortadoğu" teleserialının çəkilişlərinə başlayıb.

Türkiyədən səfərdən qayıdan soydaşlarımızdan aldığımız məlumata görə, artıq həmin filmin bir neçə seriyası hazırdır: "Lakin çəkilişlər tamam başa çatdıqdan sonra onların efirə və satışa buraxılması mümkündür. Eşitdiyimizə görə, "Qurdlar vadisi Ortadoğu" teleserialını almaq istəyən videostudiyalar və teleşirkətlər çoxdur. Onların müştəriləri arasında "Show TV" və "Kanal D" daha şanslıdır. Çünki "Qurdlar vadisi" və "Qurdlar vadisi İraq" həmin telekanallarda nümayiş olunub. Amma bununla belə, hazırda Türkiyədə, İraqda və İranda çəkilişləri davam etdirilən sonuncu teleserialın satış qiyməti bir neçə milyon dollar məbləğində müəyyənləşdirilib. Ona görə də onun satın alınması üçün elan olunmuş müsabiqədə hansı qurumun qalib gələcəyi məlum deyil. Ola bilsin ki, bir neçə şirkət şərikli formada filmi alsınlar".

Müsahiblərimiz Azərbaycanla da bağlı maraqlı məlumat verdilər. Onların dediyinə görə, sözügedən layihənin Azərbaycan versiyasının reallaşdırılacağı barədə Türkiyədə çoxsaylı məlumatlar yayılıb: "Eşitdik ki, "Qurdlar vadisi Quzeydoğu" teleserialının çəkilişi də nəzərdə tutulub. İran variantı ilə bağlı çəkilişlər başa çatdıqdan sonra gələn ilin birinci kvartalı ərzində ölkəmizlə bağlı yeni filmin çəkilişləri reallaşa bilər".

Soydaşlarımız onu da bildirdilər ki, yeni filmdə "Qurdlar vadisi" teleserialından yaxşı tanıdığımız Polad Ələmdar (Necati Şaşmaz), Mehmet Qarahanlı (Zəfər Ərgün), Memati Baş (Gurkan Uyğun), Abdülhey Çoban (Kenan Çoban), Güllü Ərhan (Erhan Ufak) və başqa qəhrəmanlarla yanaşı, azərbaycanlı sənətçilərin və digər şəxslərin çəkiləcəyi də gözlənilir: "Dəqiq məlumat olmasa da, deyilənlərə görə, yeni film Türkiyənin ən nüfuzlu rejissorlarından biri olan və "Qurdlar vadisi"ni çəkmiş Sərdar Akap tərəfindən ərsəyə gətiriləcək. Filmin sponsorları da Türkiyənin tanınmış iş adamları ola bilərlər".