Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş dövlət. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.

Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.

Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar - Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə - Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış və türk mədəniyyətinin təsiri altında olmuşdur.

Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidəsi qalmışdır.